GEO (LLM SEO) Nədir? AI Axtarışlarında Necə Öndə Çıxmaq Olar?
GEO və LLM SEO əslində niyə ayrı bir sahə deyil, ChatGPT və Perplexity kimi alətlərdə necə görünürlük qazanılır və sizə satılan xidmətlərin real qiyməti nədir.
Son bir ildə SEO dünyasında GEO, LLM SEO, AI SEO kimi anlayışlar sürətlə yayılmağa başlayıb. Bu yazıda GEO və LLM SEO kimi ifadələrin nə mənaya gəldiyini və AI axtarışlarında çıxmaq üçün SEO proseslərinizdə nə kimi dəyişikliklər edə biləcəyiniz barədə sizi məlumatlandıracam.
GEO Nədir?
GEO "Generative Engine Optimization" ifadəsinin qısaltmasıdır. GEO ChatGPT, Perplexity, Google AI Overviews, Claude kimi generativ AI alətlərinin cavablarında saytınızın ilk sıralarda çıxarılması və istinad edilməsi üçün görülən işlərə deyilir. LLM SEO ifadəsi də eyni mənanı verir, sadəcə fərqli marketinq etiketidir.
GEO və LLM SEO Əslində SEO-nun Özüdür
Son aylarda SEO ilə tanışlığı olmayan və ya əsas iş sahəsi SEO olmayan influenserlərin GEO-nu sanki SEO-dan ayrı bir strategiya kimi bəhs etdiyinin şahidiyik. Reallıq isə GEO-nun əslində elə SEO olduğu üzərinə quruludur. GEO üçün edilən hər şey, SEO-dur. Bu yazının yazıldığı tarixə qədər GEO keyslərində (bunların hamısı SEO keysləridir) bəhs edilən bütün strategiyalar, əslində SEO strategiyalarıdır.
LLM-lər öz indexlərinə sahib olmadıqları üçün axtarış motoru kimi düşünülə bilməzlər. LLM-lərin öz müstəqil data bazaları olmadığı kimi, onlar Google və Bing kimi ənənəvi axtarış motorlarının indexlərindən, yəni bazalarından istifadə edirlər. Bu isə o deməkdir ki, sizin veb saytınızın SEO-su güclüdürsə və veb saytınız müəyyən sorğularda axtarışda ilk sıralarda çıxırsa, çox güman ki, LLM sorğularında da çıxacaq. Məhz elə bu səbəbdən, "AI axtarışlarında ilk sırada çıxmaq üçün nə etməliyəm?" kimi sualların cavabı, SEO-da gizlidir. Bugün GEO və ya LLM SEO adı altında satılan xidmətlərin demək olar ki, hamısı elə SEO-dur. GEO üçün SEO-dan ayrı bir strategiya və ya yol xəritəsi yoxdur.
Google-da İlk Sırada Çıxıram, AI Axtarışlarında Görünmürəm
Bəzən SEO cəhətdən güclü olan və vacib açar sözlərdə ilk sıralarda çıxan veb saytlar AI axtarışlarında ilk sıralarda çıxmadıqlarından şikayətlənirlər. Bu şikayətlər məntiqlidir. AI axtarışlarında çıxmamağın müəyyən səbəbləri ola bilər.
Səhifələriniz AI sorğularını cavablandıra bilmir
Ola bilər ki, sizin veb səhifəniz, insanların AI axtarışlarında yazdıqları ifadələri cavablandıra bilmir və ya səhifənizin konteksti həmin axtarışlarla uyğunlaşmır. Bunun üçün Query-Fan-Out terminini öyrənmək, insanların AI axtarışlarında etdikləri sorğuların LLM alətləri tərəfindən necə alt sorğulara bölündüyünü anlamaq və səhifənin məzmununu bu sorğulara cavab verəcək formada revize etmək faydalı ola bilər.
LLM botlarını bloklamış ola bilərsiniz
Çox aşağı ehtimal belə olsa, bəzən (xüsusilə böyük veb saytlar) web scraping və digər atakların qarşısını almaq üçün bir çox botu bloklayır. AI botları da bunların arasında olduğu zaman LLM-lər veb saytınızı görə bilmir.
Aktual deyilsiniz
LLM-lər alqoritmləri səbəbilə aktual mövzulara daha çox önəm verirlər. Bəzən elə olur ki, sadəcə 1-2 saat əvvəl yayımlanan bir məqalə AI axtarışlarında ilk sırada çıxır. Bu çox təbiidir. LLM-lər aktual mövzulara daha çox önəm verir. Bu səbəbdən AI-da çıxmaq istədiyiniz sorğularla bağlı olan səhifənizin aktual olmasına önəm göstərin.
Schema Markup və AI Görünürlük Yalanı
Son vaxtlarda GEO və ya LLM SEO üzrə ən geniş yayılan yalanlardan biri də, Schema məsələsidir. Schema Markup əlavələri strukturlaşmış məlumatlardır və axtarış motorlarının səhifənin kontekstini daha yaxşı anlamasına imkan verir. Schema sizi axtarışda ilk sıralarda çıxara bilməz. Schema əlavələri özlüyündə bir sıralama faktoru belə deyil. Eyni formada, AI-da qabaqda çıxmaq üçün Schema şərt deyil.
GEO Adı Altında Satılan İşlər
GEO adı altında satılan digər işlər isə bunlardır:
- Schema əlavə etmək
llms.txtfaylı yaratmaq- AI-ya özəl məzmun yazmaq
- Məzmuna FAQ əlavə etmək
- Başlıqları sual formasına salmaq
- Cədvəllərdən istifadə etmək
Bütün bunların GEO və ya LLM SEO ilə əlaqəsi yoxdur. Bunlar ənənəvi SEO prosesləridir və bir çox halda SEO zamanı edilən işlərin 1%-ni belə təşkil etmirlər.
Google-da öndəsinizsə AI-da da öndəsiniz. Google-da yoxsunuzsa AI-da qazandığınız keçici görünürlük uzun sürməyəcək.
AI Axtarışlarında Öndə Çıxmaq Üçün Nə Etmək Lazımdır?
AI axtarışlarında çıxmaq istəyirsinizsə, SEO etməlisiniz.
- Veb saytınızın texniki strukturunu yaxşı vəziyyətə gətirin.
- Domenin
PageRankgöstəricisini artırmaq üçün davamlı olaraq link buildinqə yatırım edin. - Məzmun yazdığınız zaman məzmunu SEO-ya uyğunlaşdırın. Əlaqəli sorğuları, açar sözləri məzmunda və səhifənin əlaqəli bölmələrində (başlıqlarda, title-da, slug-da və s.) işlədin.
- Yaratdığınız səhifə və ya məzmunları digər sosial media şəbəkələrinizdə paylaşın.
- Brend tanınırlığınızı yüksəldin.
- Query-Fan-Out mexanizmini öyrənin. Bu mexanizm sorğuların LLM-lər tərəfindən necə alt sorğulara bölündüyünü və cavablandığını anlamaq üçün önəmlidir.
Diqqət yetirsəniz bunların heç biri "AI üçün xüsusi iş" deyil. Hamısı normal SEO və məzmun keyfiyyəti prinsipləridir.
Nəticə
AI axtarışlarında öndə çıxmağın sehrli bir yolu və ya formulası yoxdur. GEO, LLM SEO, AEO kimi ifadələr SEO-dan törədilən ifadələrdir və indiki günə qədər bu ifadələrin özbaşına müstəqil bir sahə olduğunu göstərən heç bir keys və ya iş görülməyib. Bu səbəbdən GEO, LLM SEO və AEO adı altında satılan əlavə xidmətlərə yönəlmək yerinə, SEO xidmətinə yönəlmək daha məntiqli olacaq.