Bloq

SEO Nədir?

SEO-nun əslində nə olduğu, məqsədləri, növləri və bir biznes üçün nəyə görə bu qədər vacib olduğu haqqında dolğun bir təhlil.

SEO nədir sualının indiki gündə o qədər fərqli cavabını tapmaq mümkündür ki, bu vəziyyət SEO ilə maraqlanan insanları SEO-nun həqiqətən nə olduğuna dair dəqiq cavab axtarmağa vadar edir.

Bir çox insanın SEO haqqında az-çox anlayışı var. Lakin SEO bir çox insan tərəfindən doğru anlaşılmır. Bir çox insana görə SEO sehrli bir formuldur. Bir başqa qrup insan üçün isə SEO artıq trenddən düşən, "ölən" bir strategiyadır. Bir çox insana görə isə, SEO yalandır.

Halbuki SEO rəqəmsal marketinqin ölçülə bilən, ən uzun ömürlü və ən davamlı strategiyalarından biridir. Əgər siz onlayn iş görürsünüzsə, SEO-nu görməzdən gəlməməli və SEO-ya yatırım etməlisiniz.

Bu yazıda SEO nədir sualını sizin üçün cavablandıracağam.

SEO nədir?

SEO "Search Engine Optimization" ifadəsinin qısaltmasıdır. SEO (Search Engine Optimization — Axtarış Motorunun Optimallaşdırılması), veb-saytların Google və Yandex kimi axtarış sistemlərində ödənişsiz (orqanik) şəkildə daha üst sıralarda görünməsini təmin edən, həm texniki, həm də məzmun yönümlü rəqəmsal marketinq prosesidir. Bu prosesin əsas məqsədi, hədəf auditoriyanın axtarış niyyətinə (search intent) uyğun, açar sözlərlə zəngin və faydalı məzmunlar təqdim etmək, həmçinin saytın istifadəçi təcrübəsini (UX) təkmilləşdirərək platformaya davamlı və keyfiyyətli ziyarətçi axını (orqanik trafik) cəlb etməkdir.

Hərfi tərcüməsindən fərqli olaraq SEO axtarış sistemi optimallaşdırması yox, axtarış sistemləri üçün optimallaşdırmadır.

Əgər veb saytınız SEO cəhətdən ideal vəziyyətdə deyilsə, bu sizin Google axtarışlarında öndə çıxma ehtimalınızı azaldacaq və nəticədə həm potensial trafikinizə çatmağınız mümkün olmayacaq, həm də potensial müştəri itirəcəksiniz.

SEO-nun məqsədi nədir?

SEO nədir sualı qədər, SEO-nun məqsədi nədir sualı da bir o qədər önəmlidir.

SEO-nun məqsədi axtarışda ilk sıralarda çıxmaq və bu sayədə sayta daha çox trafik cəlb etməkdir. Bunun üçün veb saytı texniki cəhətdən axtarış motorları tərəfindən rahatlıqla görülə bilən vəziyyətə gətirmək, saytı məzmun cəhətdən zənginləşdirmək və sayt etibarını xarici linklərlə (backlinklərlə) artırmaq lazımdır. Ətraflı bir SEO prosesi sonrasında gözlənilən hədəflər aşağıdakılar olmalıdır:

  • Hədəf açar sözlərdə ilk sıralara gəlmək
  • Sayta keyfiyyətli trafik cəlb etmək
  • Saytı müəyyən mövzularda Google axtarış sistemi tərəfindən etibarlı mənbəyə gətirmək
  • PageRank səviyyəsini artırmaq
  • Veb saytı sektor üzrə axtarış nəticələrini dominasiya edən bir veb resursa dönüşdürmək

Əgər SEO prosesi sonrasında brend bütün bu məqsədlərə çatırsa, ideal SEO nəticələrindən bəhs etmək olar. Lakin tək başına trafiki artırmaq və ya açar sözdə qabaqda çıxmaq öz-özlüyündə bir nəticə kimi ələ alına bilməz. Trafik mütləq keyfiyyətli olmalıdır. Qabaqda çıxılan açar sözün hədəfləndiyi səhifə, mütləq istifadəçini məmnun etməlidir ki, istifadəçi nəticədə həmin səhifəni gördükdən sonra biznesin məhsul/xidmətlərini satın almağa yönəlsin. Bu səbəbdən SEO-da məqsədə çatmaqdan çox, necə çatdığın da çox önəmlidir.

SEO necə bir prosesdir?

SEO xidməti birdəfəlik deyil, davamlı, dinamik və çoxşaxəli bir prosesdir. Bu proses əsasən üç qarşılıqlı əlaqəli mərhələdən ibarətdir. İlk olaraq axtarış botlarının saytı asanlıqla incələyə bilməsi üçün infrastruktur qurulur (Texniki SEO), daha sonra istifadəçilərin axtarış niyyətinə uyğun faydalı məzmunların və açar sözlərin hazırlanır (On-Page SEO) və son olaraq digər etibarlı saytlardan keçidlər (backlink) alaraq saytın nüfuzunun artırılması (Off-Page SEO) həyata keçirilir. Axtarış motorlarının alqoritmləri və istifadəçi davranışları daim dəyişdiyi üçün SEO, davamlı analiz, monitorinq və yenilənmə tələb edən uzunmüddətli bir inkişaf fəaliyyətidir.

SEO növləri nələrdir?

SEO fəaliyyətini tam və sistemli şəkildə həyata keçirmək üçün onu üç əsas istiqamətə bölmək lazımdır. Bu növlərin hər biri fərqli optimallaşdırma sahələrinə fokuslanır, lakin birlikdə saytın axtarış sistemlərindəki ümumi uğurunu və sıralamasını formalaşdırır. Biri olmadan digərini etmək arzu olunan nəticələrin əldə olunmasını çətinləşdirir. Bu səbəbdən SEO növləri ayrı başlıqlar altında ələ alınsa belə, SEO prosesi bütöv formada ələ alınmalıdır.

1. Texniki SEO (Technical SEO)

Veb-saytın axtarış motorlarının botları tərəfindən asanlıqla taranmasını, indekslənməsini və istifadəçilər tərəfindən rahat açılmasını təmin edən infrastruktur işləridir. Texniki SEO prosesinə saytın yüklənmə sürətinin artırılması, mobil cihazlara tam uyğunlaşdırılması (mobile-friendliness), HTTPS təhlükəsizlik protokolunun qurulması, sayt xəritəsinin (sitemap.xml) və robots.txt fayllarının düzgün tənzimlənməsi daxildir. Sadə desək, texniki SEO saytın görünməyən pərdəarxası mühərrikini gücləndirir.

2. Səhifədaxili SEO (On-Page SEO)

Saytın daxilindəki məzmunların həm istifadəçilər, həm də axtarış botları üçün optimallaşdırılması prosesidir. Bu mərhələdə hədəf auditoriyanın axtardığı açar sözlər təyin olunur və həmin sözlər məqalələrin daxilində, başlıqlarda (H1, H2, H3), meta başlıq (meta title) və meta təsvirlərdə (meta description) təbii şəkildə istifadə edilir. Həmçinin şəkillərin optimallaşdırılması (alt teqlərin yazılması) və saytdakı digər səhifələrə daxili keçidlərin (internal linking) verilməsi də On-Page SEO-nun əsas fəaliyyətlərindəndir.

3. Səhifəxarici SEO (Off-Page SEO)

Domenin nüfuzunu, etibarlılığını və populyarlığını saytdan kənarda artırmaq üçün görülən işlərdir. Bu istiqamətin ən mühüm hissəsi digər keyfiyyətli və aidiyyəti saytlardan sizin sayta verilən yönləndirmələr, yəni link quruculuğudur (link building / backlink). Bundan əlavə, brendinizin sosial şəbəkələrdəki aktivliyi, forumlarda və rəqəmsal platformalarda müzakirə olunması (brand mentions) da səhifəxarici SEO faktorları sırasına daxildir və Google-a saytınızın etibarlı bir mənbə olduğu siqnalını ötürür.

SEO zamanı görülən digər işlər nələrdir?

SEO-nun üç əsas qolundan (Texniki, Səhifədaxili və Səhifəxarici) əlavə olaraq, uğurlu bir kampaniya üçün pərdəarxasında davamlı olaraq icra edilən digər mühüm işlər bunlardır:

  • Məzmun strategiyasının qurulması: Hansı mövzuların işlənəcəyini, hansı açar sözlərin hədəflənəcəyini və hədəf auditoriyanın hansı mərhələdə (fərqindəlik, qərar vermə və s.) hansı məlumatı alacağını planlamaq.
  • Məzmun yaradıcılığı: Açar söz analizlərinə əsasən oxucuya real fayda verən, plagiat olmayan (özünəməxsus) və axıcı bloq yazıları, xidmət səhifələri və məhsul təsvirləri yazmaq.
  • Axtarış niyyətinin təyini: İstifadəçinin axtarış edərkən məqsədinin nə olduğunu (məlumat almaq, alış-veriş etmək, yoxsa sadəcə müəyyən bir saytı tapmaq) müəyyən edib, məzmunu tam o niyyətə uyğun hazırlamaq.
  • Məzmunun strukturlaşdırılması: Mətnin oxunmasını asanlaşdırmaq üçün başlıq iyerarxiyasından (H1-H4), qısa paraqraflardan, siyahılardan və diqqətçəkən sitatlardan istifadə etmək.
  • Köhnə məzmunların yenilənməsi: Saytda vaxtilə yazılmış, lakin artıq aktuallığını və ya trafikini itirmiş köhnə məqalələri yeni məlumatlar və açar sözlərlə yenidən optimallaşdırıb canlandırmaq.
  • E-Ticarət kateqoriya və məhsul səhifələrinin optimallaşdırılması: Onlayn mağazalar üçün kateqoriya mətnlərinin yazılması, məhsul xüsusiyyətlərinin axtarışlara uyğunlaşdırılması və daxili filtrasiya səhifələrinin tənzimlənməsi.
  • Məzmun klasterlərinin qurulması: Ana mövzu ətrafında bir-biri ilə əlaqəli alt məzmunlar yaradıb, onları daxili keçidlərlə bir-birinə bağlayaraq saytda mövzu nüfuzu (topical authority) yaratmaq.
  • Təkrarlanan məzmunların təmizlənməsi: Sayt daxilində eyni və ya bir-birinə çox bənzəyən mətnləri aşkar edib, canonical etiketləri və ya 301 yönləndirmələri ilə qaydaya salmaq.

SEO-da məqsədə çatmaqdan çox, necə çatdığın da bir o qədər önəmlidir. Keyfiyyətsiz trafik biznes üçün heç bir şey ifadə etmir.

SEO nə deyildir?

SEO nədir sualına ətraflı cavab verməyə çalışdım. Lakin SEO nədir sualı qədər, SEO nə deyildir sualı da, SEO-nun nə olduğunu anlamağınız üçün vacibdir.

  • SEO birdəfəlik görülən iş deyil: "Saytı qurdum, SEO-nu bir dəfə etdim və bitdi" deyə bir qayda yoxdur. SEO bitməyən bir prosesdir.
  • SEO qısamüddətli və dərhal nəticə verən reklamlarla qarışdırılmamalıdır: Google Ads (PPC) kimi ödənişli reklamlar siz büdcə ayırdığınız an dərhal sayta trafik gətirir. SEO isə belə işləmir. SEO, uzunmüddətli bir investisiyadır. Orqanik nəticələrin və görülən işlərin bəhrəsini görmək adətən saytın vəziyyətindən asılı olaraq 3-6 ay (bəzən daha çox) çəkir.
  • SEO sadəcə "açar söz yığmaq" deyil: Mətnin daxilinə eyni açar sözü süni şəkildə dəfələrlə yerləşdirmək (keyword stuffing) SEO deyil.
  • SEO sadəcə "backlink almaq" deyil: Keyfiyyətsiz, spam saytlardan kütləvi şəkildə link almaq saytı irəli aparmır. Keçidlərin kəmiyyəti deyil, onların gəldiyi mənbələrin nüfuzu və sizin veb saytınızın mövzusu ilə əlaqəsi vacibdir.
  • SEO 100% zəmanətli nəticə vəd edən bir sistem deyil: Heç bir SEO mütəxəssisi və ya agentliyi sizə "Google-da 1-ci sıranı zəmanət verirəm" deyə bilməz. Çünki axtarış motorunun alqoritmləri gizlidir və onun üzərində tam nəzarət heç kimdə deyil. SEO sadəcə bu alqoritmlərə ən yaxşı şəkildə uyğunlaşaraq şansınızı maksimuma çatdırmağa imkan yaradır.
  • SEO sadəcə "Google-u aldatmaq" deyil: Axtarış motorlarını aldatmağa yönəlmiş Black-Hat SEO üsulları qısa müddətdə nəticə versə də, sonda saytın Google indeksindən tamamilə silinməsi ilə nəticələnə bilər.

Nəticə

SEO, veb-saytın axtarış motorlarındakı görünürlüyünü və orqanik trafikini artırmaq üçün tətbiq edilən davamlı və analitik optimallaşdırma prosesidir. Texniki infrastrukturun düzgün qurulması, istifadəçi ehtiyaclarına uyğun məzmun strategiyasının icrası və saytın nüfuzunun artırılması uzunmüddətli perspektivdə rəqəmsal marketinq xərclərini minimuma endirir və biznes üçün davamlı müştəri axını təmin edir.

Uğurlu və dayanıqlı nəticələr əldə etmək üçün prosesin hər bir mərhələsinin mütəmadi olaraq izlənilməsi, analiz edilməsi və yenilənməsi şərtdir.

Gəlin birlikdə işləyək.

ismail@yusibov.az