HomeSEO Necə Edilir?SEOSEO Necə Edilir?

SEO Necə Edilir?

SEO, yəni axtarış sistemlərinin optimallaşdırılması veb saytı axtarış motorlarının kriteriyalarına uyğun formada optimallaşdırmağı əhatə edir. Bu yazıda öz saytının SEO-sunu etmək istəyənlər üçün təməl səviyyədə məlumatlar yer alır. SEO necə edilir sualının cavabı ilə maraqlanırsınızsa, bu yazıda qeyd etdiyim addımlardan istifadə edə bilərsiniz.

Təməl SEO addımları

Təməl SEO addımları veb saytınızın Google, Bing, Yandex kimi axtarış motorlarına tanıdmağı əhatə edir. Bunun üçün aşağıdakı addımları izləyə bilərsiniz.

1. Saytınızı Axtarış Motorlarında Qeydiyyatdan Keçirdin

SEO etmək üçün saytınızın axtarış motorları tərəfindən tanınması əsas şərtdir. Sayt yeni yaradılıbsa və heç bir axtarış motoruna qeydiyyatdan keçməyibsə, indekslənmə baş verməz. Veb saytınızın indeks almaması, saytınızdakı səhifələrin axtarış nəticələrində görünməməsi deməkdir. Bunun üçün ilkin növbədə veb saytınızı Google Search Console üzərindən qeydiyyatdan keçirməlisiniz.

> Veb saytınızı Google Search Console-dan qeydiyyatdan keçirmək üçün səhifəyə keçid edin.

💡”İndeks” nədir?

“Index” və ya indeksləmə saytınızdakı səhifələrin Google nəticələrində görünməsidir. Əgər səhifəniz indekslənməyibsə, bu o deməkdir ki, səhifəniz Google data bazasına daxil olmayıb.

2. Google Analytics Alətini quraşdırın

Veb saytınıza nə qədər insanın daxil olduğunu, yəni, veb saytınızın trafikini görmək üçün Google Search Console alətindən əlavə olaraq Google Analytics də istifadə edə bilərsiniz. Bunun üçün veb saytınızın Google Analytics qeydiyyatını tamamlayın.

> Veb saytınızı Google Analytics-dən qeydiyyatdan keçirmək üçün səhifəyə keçid edin.

3. WordPress Əlavəetmələrindən İstifadə Edin

Əgər veb saytınız WordPress-də yaradılıbsa RankMath SEO əlavəetməsini veb saytınıza quraşdırın. Bu əlavəetmə təməl səviyyədə SEO optimallaşdırma işlərini etməkdə sizə kömək edəcək. Bununla yanaşı, bu əlavəetmə sayt xəritəsinin yaradılması, robots.txt faylının yaradılması, yönləndirmələrin edilməsi kimi bir çox texniki məsələdə də olduqca funksional bir əlavəetmədir. Odur ki, veb saytınızın SEO-su üçün istifadə etməli olduğunuz bu pulsuz aləti saytınıza quraşdırın.

4. Sayt Xəritənizi Yaradın

Sitemap.xml faylı və ya qısaca sayt xəritəsi, veb saytınızdakı bütün səhifələrin tək bir not dosyasında tutulduğu bir fayldır. Bu fayl sayəsində axtarış motoru botları saytınızdakı səhifələrə rahatlıqla çataraq onları “crawl” edə bilir. Bu fayl veb saytın indeksləmə prosesinə də müsbət təsir göstərir. Əgər siz RankMath SEO əlavəetməsini saytınıza quraşdırmısınızsa, bu əlavəetmə avtomatik olaraq sayt xəritəsini sizin üçün yaradacaq.

💡”Crawl” nədir?

“Crawl” saytınızdakı səhifələrin Google, Yandex, Bing kimi axtarış motorlarının botları tərəfindən görülməsidir. “Crawl” prosesində axtarış motorları botları səhifələriniz haqqında məlumat toplayır və bu məlumatları alqoritmə göndərir.

5. Robots.txt Faylını Yaradın

Robots.txt faylı veb saytınızda hansı səhifələrin “crawl” edilib edilməyəcəyini axtarış motoru botlarına deməyin ən asan yoludur. Bu faylda siz veb saytınızda Google botlarının keçid etməsini istəmədiyiniz səhifələri işarələyərək həmin səhifələrin “crawl” edilməsinin qarşısını alırsınız. Eynilə sayt xəritəsində olduğu kimi, bu faylı da RankMath SEO üzərindən yarada bilərsiniz.

6. Google Search Console Qeydiyyatını Tamamlayın

Google Search Console SEO dünyasında ən çox istifadə olunan alətdir. Google tərəfindən yaradılan bu alət saytınızdakı xətaları, səhifələrinizin performansını, hansı açar sözlər və səhifələr üzrə trafik çəkdiyinizi sizə göstərir. Siz bu alət vasitəsilə səhifələrinizin indekslənməmə səbəblərini, saytınızdakı problemləri və aylıq SEO performansınızı izləyə bilərsiniz. Eləcə də, bu alət vasitəsilə indekslənməyən səhifələriniz üçün rahatlıqla indeks istəyi göndərərək sizin üçün çox vacib olan səhifələri indekslətdirə bilərsiniz.

Açar Söz Araşdırması Edin

7. Rəqiblərinizi Müəyyən Edin

SEO-da rəqiblər, eyni istifadəçi niyyətini hədəfləyən və SERP-də (axtarış nəticələrində) sıralanan domenlərdir. Siz öz veb saytınızda hədəfləmək istədiyiniz açar sözlər üzrə Google-də axtarış edərək öz rəqiblərinizi rahatlıqla tapa bilərsiniz. Rəqiblərinizi tapdıqdan sonra rəqib saytların nə qədər trafik aldığını, hansı açar sözlər üzrə istifadəçi cəlb etdiklərini öyrənmək üçün Semrush və ya Ahrefs kimi SEO alətlərindən istifadə edə bilərsiniz.

8. Əsas Açar Sözlərinizi Müəyyən Edin

Siz rəqiblərinizi tapdıqdan sonra rəqib saytlara qısa nəzər yetirdiyiniz zaman bu saytdakı səhifələri, səhifələrdə işlənən açar sözləri görə biləcəksiniz. Rəqib saytlar sizlərə hədəfləməli olduğunuz əsas açar sözlər üçün ideya verəcək. Bu etapda siz tapa bildiyiniz qədər açar sözü tapmağa çalışın.

9. Uzun Açar Sözlərin Seçimi

Fərz edin ki, siz telefon aksesuarları satan bir elektron ticarət saytı açmaq istəyirsiniz. Bunun üçün rəqib araşdırması edirsiniz və rəqib saytın “airpods pro qulaqcıq” açar sözünü hədəflədiyini gördünüz. Siz də rəqibin hədəflədiyi açar sözü hədəfləmək qərarına gəldiniz. Bura qədər hər şey doğrudur. Bu açar söz hər nə qədər düzgün olsa da, sadəcə bununla yetinməmək lazımdır. Siz əlavə olaraq “airpods pro qulaqcıq qiyməti”, “airpods pro 2 qulaqcıq modelləri” kimi uzun açar sözləri də hədəf siyahınıza əlavə edərək rəqibinizdən daha çox açar sözünü hədəfləyə bilərsiniz. Bu sayədə rəqibinizdən daha çox açar sözü hədəfləyə, saytınız vasitəsilə daha çox istifadəçinin axtarışlarını qarşılaya bilərsiniz.

10. Açar Sözləri Sıralayın

Açar söz araşdırması etdikdən sonra açar sözləri qruplaşdırmaq və sıralamaq lazımdır. Bu o deməkdir ki, siz tapdığınız hər açar söz üçün saytınızda yeni bir səhifə aça bilmərsiniz. Bu SEO cəhətdən olduqca təhlükəli bir strategiyadır. Bunun yerinə açar sözləri qruplaşdıraraq hansı səhifədə hansı açar sözləri istifadə edə biləcəyinizi anlamalısınız.

💡Diqqətli olmalı olduğunuz məqam:

Bir çox insan hədəflədiyi açar sözü saytı hər yerində istifadə etməklə saytı o açar söz üzrə axtarış nəticələrində ilk sıralara gətirə biləcəyini zənn edir. SEO-da doğru olan yanaşma isə tamam fərqlidir. Siz hədəflədiyiniz açar sözü və o açar sözlə əlaqəli olan köməkçi açar sözləri yalnız tək bir səhifədə hədəfləyə bilərsiniz.

Texniki SEO Addımları

11. HTTPS/SSL Sertifikatı İstifadəsi

Veb saytının təhlükəsizliyini təsdiq edən sertifikata SSL sertifikatı deyilir. Əgər veb saytınızın SSL sertifikatı yoxdursa, Google veb saytınızı təhlükəli sayt olaraq işarələyəcək. SSL sertifikatı Google axtarış alqoritmi üçün ən vacib sıralama siqnallarından biridir. Bu səbəbdən SSL sertifikatına sahib olmamaq, SEO performansına da ciddi neqativ təsir göstərəcək.

12. Saytınızın Status Kodlarına Nəzər Yetirin

Status kodları saytınızın sorğulara necə cavab verdiyini göstərən texniki siqnallardır. HTTP kodları olaraq da bilinən bu siqnallar kodlarla göstərilir. Məsələn, işləməyən bir səhifə 404 xətası göstərir. 404 xətası səhifənin olmadığını və ya səhifəyə girişin mümkün olmadığını göstərir. 500 xətası isə server xətası səbəbilə səhifəyə keçidin olmamasını ifadə edir. 200 kodu isə səhifədə heç bir xətanın olmadığını, hər şeyin qaydasında olduğunu göstərir. 

Saytınızdakı bütün status kodları görmək üçün Screaming Frog alətindən istifadə edərək veb saytınızı “crawl” etdirə bilərsiniz. Bu proqram saytınızdakı bütün səhifələri analiz edərək status kodlarını sizə göstərəcək.

Qeyd: Screaming Frog hal-hazırda ən çox istifadə olunan və ən faydalı SEO alətlərindən biridir. Bu aləti texniki SEO optimallaşdırma prosesləri üçün istifadə edə bilərsiniz.

13. Dublikat Səhifələri Nəzərdən Keçirdin

Dublikat səhifələr veb saytınızda kopya səhifələr olduğunu göstərən bir problemdir. Dublikat səhifələr ciddi sıralama faktorudur. Əgər veb saytınızda dublikat səhifə varsa, bu əvvəl-axır veb saytınıza nəqativ təsir edəcək.

💡Dublikat səhifələrlə bağlı bilməli olduğunuz məlumat:

Dublikat səhifə və ya kopya səhifə, eyni məzmuna sahib birdən çox səhifəni ifadə edir. Bəzi hallarda başqa səhifələrdən kopyalanan məzmunların istifadə olunması da kopya məzmun problemi yaradır.

Dublikat səhifələr eyni məzmuna sahib olan səhifələri ifadə edir. Əgər saytınızdakı bir məzmunu birdən çox səhifədə istifadə edirsinizsə, Google bunu dublikat olaraq görə bilər. Əlavə olaraq veb saytınızın həm www həm də www-olmayan, həm HTTP həm də HTTPS versiyalarda açılması, dublikat səhifə probleminə səbəb olur. Son olaraq saytdakı bir səhifənin linkinin sonunda “/” varsa və bu səhifənin linkinin sonundaki “/” simvolunu sildikdə səhifə yenə normal qaydada açılırsa, bu da dublikat səhifə probleminin bir işarəsidir.

Nümunə olaraq:

  • http://sayt(.)com
  • http://sayt(.)com/
  • https://sayt(.)com
  • https://sayt(.)com/
  • https://www.sayt(.)com/
  • http://www.sayt(.)com

Veb saytınızın sadəcə bir qaydada açılması, dublikat səhifə probleminin qarşısını almaq üçün ata biləcəyiniz ən doğru addımlardan biridir.

14. Kanonikal Etiketlərinin İstifadəsi

Canonical etiketi, hansı səhifənin əsas versiya olduğunu göstərmək üçün istifadə olunur. Əgər eyni məzmun birdən çox URL-də varsa, Google hansını indeksləyəcəyini seçə bilməz. Doğru canonical URL strukturu, bu problemi həll edir.

💡Səhifəmdə hansı kanonikal etiketin istifadə olunduğunu necə bilə bilərəm?

Siz brauzerinizə “Detailed SEO” və ya “Ahrefs Toolbar” əlavəetmələrini yükləyərək bu əlavəetmələrin köməyi ilə hansı səhifədə hansı kanonikal etiketi istifadə olunduğunu görə bilərsiniz. İdeal olaraq hər bir səhifə, özü özünə kanonikal link verməlidir.

15. Teknik SEO Xətalarını Aradan Qaldırın

Hər texniki səhv, ya indeksləmə probleminə, ya da ümumi sayt keyfiyyətinin aşağı düşməsinə səbəb olur. JavaScript səhvləri, render problemleri, lazy load uyğunsuzluqları, schema markup ziddiyyətləri, dublikat səhifə problemləri, bir səhifədə birdən çox H1 istifadəsi, kopya H1-lər, kopya meta başlıq və ya açıqlamalar və hreflang səhvləri mütləq yoxlanmalıdır. Bunun üçün Screaming Frog SEO alətindən istifadə edə bilərsiniz.

16. Sayt Sürətini Artırın

Səhifə yüklənmə sürəti, həm istifadəçi təcrübəsinə, həm də Google sıralama siqnallarına təsir edir. 3 saniyədən uzun yüklənmə, bounce rate-i artırır. Render-blocking skriptlər, optimallaşdırılmamış şəkillər və server cavab müddətinin gecikməsi sayt sürətini aşağı salan əsas səbəblərdəndir.

Saytınızın sürətini yoxlamaq üçün Google tərəfindən yaradılan PageSpeed Insights alətini istifadə edə bilərsiniz.

17. İşləməyən Səhifələri Düzəldin

404 status kodu göstərən daxili və ya xarici linklər, botların saytı “crawl” etməsini ləngidir və istifadəçi təcrübəsini zəiflədir. Bu linklər botların boşa resurs sərf etməsinə səbəb olur və sayt keyfiyyətini aşağı düşürür. Screaming Frog proqramından və ya Google Search Console üzərində yer alan “Səhifələrim” bölməsindən istifadə edərək 404-ə düşən səhifələri müəyyən edərək onları əlaqəli səhifələrə yönləndirə bilərsiniz. 

💡404 xətası aldığım səhifələri nə edim?

Əgər saytınızda 404 xətası gördüyünüz səhifələr varsa, həmin səhifələri özü ilə ən çox əlaqəli olan başqa səhifələrə 301 yönləndirmə edə bilərsiniz.

18. Mobil İstifadəyə Uyğunluğu Təmin Edin

Google, mobil öncəlikli indeksləmə modelindən istifadə edir. Google botları üçün saytın mobil versiyası, əsas versiya kimi qiymətləndirilir. Saytın mobil cihazlarda düzgün açılmaması, düymələrə klik edilə bilməməsi, istifadəçinin mobil cihazlar vasitəsilə saytda istədiyi kimi gəzinə bilməməsi ümumi SEO performansına ciddi neqativ təsir edir.

19. Sayt Arxitekturasını Gücləndirin

Sayt strukturu, səhifələrin bir-biri ilə əlaqəsini və link dərinliyini təyin edir. Əgər istifadəçi əsas səhifəyə 4 klikdən sonra çata bilirsə, bu o deməkdir ki, saytınızın arxitekturası düzgün qurulmayıb. Saytınızdakı vacib linklərin istifadəçi tərəfindən asanlıqla çatıla bilən olmasını təmin edin. Bunun üçün menyularda düzəlişlər edə bilər, daxili linklərdən istifadə edə bilərsiniz.

20. SEO Dostu URL-lərdən İstifadə Edin

URL-lər qısa, başa düşülən və açar söz əsaslı olmalıdır. URL-də dinamik parametrlərdən, simvollardan, rəqəmlərdən və çoxsaylı “?” işarələrindən istifadə edilməməlidir. “/seo-nedir/” kimi bir struktur, həm botlar, həm istifadəçilər üçün ideal URL-dir.

💡Hansı URL-lər SEO üçün təhlükəlidir?

Həddindən artıq uzun, içərisində müxtəlif simvol və rəqəmlərin istifadə olunduğu, əsas açar sözlərin dəfələrlə təkrarlandığı URL-lər SEO dostu URL-lər deyil. URL mümkün qədər qısa olmalı və hədəf açar sözü ehtiva etməlidir.

21. 301 və 302-ləri Yoxlayın

301 — daimi yönləndirmə, 302 — müvəqqəti yönləndirmədir. Əgər siz saytınızdakı hər hansı bir səhifəni silmək qərarına gəlsəniz, bilin ki, siz o səhifəni sildikdən sonra həmin səhifə 404 xətası göstərəcək. Google bu səhifəni hər “crawl” etmək istədikdə 404 xətası görəcək.

💡404 Nədir?

404 xəta kodu, istifadəçinin görmək istədiyi səhifənin silinmiş ya işləmədiyini göstərən bir xəta kodudur. 404 xəta kodu göstərən bir səhifə SEO üçün faydalı deyil çünkü axtarış motoru botları bu səhifəni görmək istədikləri zaman keyfiyyətsiz, boş və xətalı bir səhifə görəcəklər və nəticədə boşuna “crawl” büdcəsi xərcləmiş olacaqlar.

Bu isə “crawl” büdcəsini zəiflədəcək və saytın ümumi keyfiyyətini aşağı salacaq. Bunun qarşısını almaq üçün 301 və 302 yönləndirmələrindən istifadə edə bilərsiniz. Yönləndirmələr silmək istədiyiniz və ya hal-hazırda silinmiş bir səhifəni özü ilə əlaqəli olan başqa bir səhifəyə yönləndirməyi ifadə edir. İstifadəçi silinən səhifəni haradansa tapıb keçid etmək istəyəndə 404 xətası görmək əvəzinə, yönləndirdiyiniz səhifəni görəcək. Yönləndirmələr sadəcə istifadəçi təcrübəsini artırmaqla qalmır, həm də sayt gücünü qorumağınıza kömək edir. Yəni, silmək istədiyiniz səhifənin URL gücü çoxdursa, başqa saytlardan həmin səhifəyə backlink verilirsə və ya həmin səhifə istifadəçilər tərəfindən çox istifadə olunan bir səhifədirsə, həmin səhifənin gücünü itirməmək üçün həmin səhifəni özü ilə əlaqəli olan başqa bir səhifəyə yönləndirmək lazımdır. Əks halda silmək istədiyiniz səhifənin bütün gücü boş yerə gedəcək. SEO gücü 301 yönləndirmə ilə ötürülür. Qeyd edim ki, bir səhifəni birdən çox yerə yönləndirmək olmaz. 

Sayt Daxili SEO Optimallaşdırma Addımları

22. SEO-ya Uyğun Başlıqlar İstifadə edin

Başlıqlar (title, <title>) veb səhifənin Google axtarış nəticəsində necə görünəcəyini göstərən bir elementdir. Səhifənizin başlığı istifadəçinin diqqətini çəkən bir başlıq olmalıdır. Lakin SEO üçün bu tək başına yetərli deyil. Başlıqda əsas açar sözü istifadə etmək, başlığı axtarış nəticələrində tam şəkildə görünə biləcək uzunluqda yazmaq çox vacibdir. Başlıqlar maksimum 60 simvolu keçməməlidir.

23. SEO-ya Uyğun Meta Açıqlamalar Yazın

Meta açıqlamalar veb səhifənin Google axtarış nəticəsində necə görünəcəyinə təsir edən faktorlardan biridir. İstifadəçiyə səhifədə nə tapa biləcəyini 140-160 simvoldan ibarət bir meta açıqlama ilə izah etmək SEO cəhətdən də faydalı ola bilər. Eynilə meta başlıqlarda olduğu kimi, meta açıqlamalarda da həmin səhifədə hədəflənən açar sözü istifadə etmək lazımdır.

24. H Başlıqlarından İstifadə Edin

Başlıq strukturu (H1, H2, H3…) səhifənin məntiqi axışını göstərir. H1 etiketi səhidədə yalnız bir dəfə istifadə olunmalıdır. H1 etiketi səhifədə hədəflənən açar sözü axtarış botlarına göstərmək üçün istifadə olunmalıdır. Bu səbəbdən H1 etiketində mütləq açar söz keçməlidir.H2 və H3 isə mövzu alt başlıqlarını müəyyənləşdirir. Bu struktur olmadan botlar səhifəni düzgün anlamır və məzmun kontekstdən kənarda qalır. Məzmunun axtarış motoru botları tərəfindən düzgün analiz edilə bilməsi, məzmunların rahat oxunula bilən olması və açar söz hədəfləmələrini düzgün etmək üçün H başlıqlarından istifadə etməlisiniz.

25. Şəkilləri Optimallaşdırın

Şəkillər, həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də səhifə yüklənmə sürətinə təsir edir. Şəkillərin ölçüləri minimumda saxlanılmalı və şəkillər WebP formatına çevrilməlidir. Alt etiketi ilə şəkilin nə olduğu açıqlanmalı, ancaq alt etiket daxilində açar sözlər həddindən artıq istifadə olunmamalıdır.

26. Daxili Linklərdən İstifadə Edin

Daxili linklər səhifələr arasındakı əlaqəni göstərir və link gücünü yayır. Bundan əlavə olaraq, daxili linklər sayəsində istifadəçinin sayt daxilində bir səhifədən başqa bir səhifəyə keçidini asanlaşdırmaq mümkündür. Saytınızdakı hər səhifədən əlaqəli səhifələrə daxili link verməyə çalışmaq SEO performansınıza kömək edəcək. Unutmamaq lazımdır ki, daxili linkləmə edərkən anchor mətnlər aydın və spesifik olmalıdır.

💡”Anchor mətn” nədir?

“Anchor mətn” linkin yerləşdirildiyi mətndir.

Daxili linkləmələr üçün “bura keçid edin”, “burada tapın”, “son məqaləmizi oxuyun” kimi mətnlərə link verilməməlidir. Linklər birbaşa olaraq açar sözlərə verilməlidir.

💡Unutmayın:

Tək bir səhifədə çox sayıda daxili link istifadəsi zamanı diqqətli olmalısınız. Xüsusilə əlaqəsiz anchor mətnlərlə verilən daxili linklər spam təşkil edir.

27. Zəif Səhifələrinizi Optimallaşdırın

İndekslənmiş, amma trafik almayan və ya istifadəçi üçün faydalı olmayan səhifələr sayta zərər verir. Bu səhifələr silinməli, ya da əlaqəli başqa səhifələrlə birləşdirilməlidir. Bu səhifələri ən başdan yaratmaq da faydalı bir yol ola bilər. Unutmayın ki, saytınızda nə qədər çox lazımsız səhifə varsa, bu birbaşa olaraq “crawl” büdcəsinə təsir edəcək.

28. Davamlı Olaraq Keyfiyyətli Məzmunlar Paylaşın

Saytınızda istifadəçilər üçün faydalı məzmunlar paylaşmağa çalışın. Məzmun seçimlərini edərkən seçdiyiniz məzmunların saytınızla və ya biznesinizlə əlaqəli olmasına xüsusi diqqət yetirin. Unutmayın ki, saytınızda hər şeyi paylaşmaq SEO üçün faydalı bir strategiya deyil.

Səhifə Xarici SEO Addımları

29. Rəqiblərinizin Hansı Saytlardan Backlink Aldığını Öyrənin

Semrush və ya Ahrefs kimi SEO alətlərindən istifadə edərək veb saytınızın hansı saytlardan backlink aldığını öyrənin. Bununla yanaşı olaraq rəqib saytların hansı anchor mətnlər istifadə edərək bu backlinkləri aldığını da öyrənməlisiniz. Bundan sonra siz də bu anchor mətnlərdən istifadə edərək saytınız üçün backlinklər yaradaraq rəqib saytlarla öz saytınız arasındakı boşluqları doldura bilərsiniz. Unutmayın ki, rəqib saytlardan daha çox keyfiyyətli və əlaqəli backlinklərə sahib olmaq veb saytınızın SEO-sunu gücləndirəcək.

30. Google Business Profile Hesabınızı Yaradın

Səhifə xarici SEO üçün ata biləcəyiniz ən yaxşı addımlardan biri də GBP hesabı yaratmaqdır. Siz ödənişsiz formada GMB hesabı yarada bilərsiniz. GMB hesabınızda biznesinizlə bağlı bütün məlumatları əskiksiz və doğru formada qeyd etməlisiniz. Bu sayədə Google biznesinizlə bağlı daha çox məlumat sahibi olacaq.

31. Anchor Mətn Seçimini Düzgün Edin

Backlink almaq tək başına yetərli deyil. Backlink alarkən istifadə olunan anchor mətnlərin düzgün seçilməsi çox vacibdir. Əgər siz sadəcə hədəflədiyiniz açar söz üzrə backlink alırsınızsa, bu bir zaman sonra Google alqoritmi tərəfindən spam olaraq başa düşülə bilər. Bu səbəbdən əsas açar söz üzrə backlink almaqla yanaşı əlaqəli açar sözləri də anchor mətn kimi istifadə etməyi düşünə bilərsiniz. Alternativ olaraq açar söz + marka adı, əlaqəli açar söz + marka adı kimi anchor mətn variantlarını yoxlaya bilərsiniz.

32. Anti-SEO Tədbirlərinə Qarşı Aylıq Audit Edin

Semrush alətindən istifadə edərək veb saytınızı anti SEO tədbirlərinə qarşı qoruyun. Xüsusilə rəqabəti çox olan sektorlarda rəqiblər saytınıza çox sayıda spam və zərərli backlinklər göndərərək saytınıza ziyan vura bilər. Bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün davamlı olaraq backlink auditi edin və zərərli backlinkləri Google Disavow Tool vasitəsilə saytınızdan təmizləyin.

33. Sosial Medianın Gücündən İstifadə Edin

Ən yaxşı və ən təbii sayt xarici SEO addımlarından biri sosial mediadır. Biznesinizin sosial media şəbəkələrində aktivliyini təmin edin. Bu sayədə veb saytınıza daha çox direct traffic çəkə bilər, səhifələrinizin indekslənmə sürətini artıra bilər və saytınız üçün Google siqnallarını gücləndirə bilərsiniz.

Nəticə

Bu yazıda SEO etmək üçün lazım olan təməl məlumatları verməyə çalışdım. Bu addımlar sayəsində siz öz saytınızın SEO optimallaşdırmasını həyata keçirə bilərsiniz. Unutmayın ki, SEO bəzən xüsusi diqqət tələb edir və yanlış addımlar uzunmüddətli problemlərə səbəb ola bilir. O səbəbdən əgər atdığınız addımlar barədə əmin deyilsinizsə və ya ilkin məlumatlarla böyük saytların SEO optimallaşdırmasını etmək istəyirsinizsə, atacağınız addımlarda diqqətli olmalı və ya SEO optimallaşdırma işini SEO mütəxəssislərinə həvalə etməlisiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir