Sayt trafikinin düşməsi hər bir veb sayt sahibi üçün ən pis ssenarilərdən biri olaraq görülür.
Realda isə bu həqiqətən də ən pis ssenaridir?
SEO təcrübəm mənə hər bir trafik itkisinin eyni formada analiz edilməyəcəyini öyrədib. Mən də bu yazıda sizlərə veb saytınızdakı trafik düşüşünün nələrdən qaynaqlana biləcəyini, hansı hallarda narahat olmalı olduğunuzu, trafik düşüşlərinə qarşı izləyə biləcəyiniz strategiyaları bölüşəcəm.
Sayt trafikim düşür…niyə?
Sayt trafikində yaşanan düşüş müxtəlif səbəblərdən ola bilər. Sayt trafikinin düşməsinin əsas səbəbləri:
- Saytınızdakı texniki hər hansı bir səbəbdən istifadəçilərin saytınızı görə bilməməsi
- Saytınızdakı texniki hər hansı bir səbəbdən saytınızın Google axtarış nəticələrindən de-index (silinməsi) olması
- Analitika alətlərinin veb saytınızla inteqrasiyası ilə bağlı müəyyən problemlər səbəbilə ziyarətçiləri izləyə (track) bilməməyiniz
- Robots.txt faylı ilə əlaqəli problemlər
- Əsas açar sözlərinizlə bağlı tutduğunuz sıralamaları itirməyiniz və axtarış nəticələrində aşağı sıralarda görünməyiniz
- Google Core Update (Google alqoritm yeniləməsi) səbəbilə trafikinizin aşağı düşməsi
Bu siyahıda sayt trafikinizin düşməsinin əsas səbəbləri yer alır. Lakin bildirməliyəm ki, bu siyahıdakı hər bir detal öz içində bir neçə hissəyə bölünür. Saytınız müxtəlif texniki səbəblərdən izləyicilərini itirə bilər. Eynilə, saytınız müxtəlif səbəblərdən açar söz sıralamalarını itirə bilər. Heç biri üçün tək bir səbəb göstərmək düz olmaz.
Nə vaxt narahat olmalıyam?
Sayt trafikiniz düşürsə, narahat olmalısınız. Əgər sayt trafikinizin düşməsinin səbəbi ciddi və gözlə görülən texniki problemlər deyilsə (məsələn saytın çökməsi, hostinqlə bağlı problemlər və s.) daha çox narahat olmalısınız. Çünkü bu zaman trafik itkisinin əsas səbəbini tapmaq üçün vaxt sərf etməli olacaqsınız.
Əgər saytınızın trafikində kəskin azalma varsa (1-2 gündə 50-60% kimi) bu zaman saytınızda texniki bir problem olmasından şübhə edə bilərsiniz. Adətən səhifələrin Google axtarış nəticələrindən çıxması, saytın işlək vəziyyətdə olmaması, sayta keçidin olmaması bu səbəblər arasındadır.
Ekran görüntüsündəki nümunədə də gördüyünüz kimi, bu saytın trafiki anlıq düşüb.
Bu düşüşün səbəbi çox böyük ehtimal hər hansı bir texniki problemdən qaynaqlanır.
Belə olduğu halda siz texniki problemi müəyyən edib aradan qaldırdıqdan sonra trafikin yavaş yavaş geri gəldiyini görəcəksiniz. Lakin açar sözləriniz üçün tutduğunuz sıraların geri qayıtması bir qədər vaxt alacaq və bəzi hallarda heç geri qayıtmayacaq. Yəni saytınız x açar sözü üzrə Google nəticələrində daha əvvəl 1-ci sırada görünürdüsə, problemlərdən sonra açar sözün əvvəlki sıraya qayıtması üçün müəyyən qədər vaxt lazım olacaq.
Gələk digər və ən təhlükəli trafik itkisinə…Yavaş yavaş düşən trafik.
Ekran görüntüsündəki qrafikdə də gördüyünüz kimi, sayt trafikində uzun müddətdir ki, azalma mövcuddur.
Qrafikdə siz sayt trafikində qısa müddətli kəskin düşüş də görə bilərsiniz. Bu kəskin düşüş saytın bir müddət qapalı qalması ilə əlaqəlidir və problem həll olduqdan sonra sayt əvvəlki trendinə geri qayıdıb.
Lakin düşüş trendi dayanmadan davam edir. Demək olar ki sayt davamlı olaraq düşür və heç bir halda yüksəlişə keçmir.
Bu kimi hallarda trafik düşüşü aşağıdakı səbəblərdən qaynaqlana bilər:
- Saytın ümumi keyfiyyətinin aşağı olması (sayt istifadəçi üçün faydalı olmaya bilər.)
- Saytdakı məzmunların köhnəlməsi, yəni çox uzun müddət əvvəl yazılıb və indiyə qədər update olunmaması
- Saytın Google Core Update (alqoritm yeniləməsi) nəticəsində trafikinin aşağı düşməsi
- Saytın domen gücünün kifayət qədər yüksək olmaması
- Sferadakı dəyişikliklər, rəqiblərin çoxalması, rəqiblərin axtarış nəticələrində sizin saytınızı keçməsi
Bütün bu problemlər görüldüyü kimi analiz olunması qəliz problemlərdir. Bir çox halda siz trafikdəki düşüş trendinin dəqiq səbəbini belə tapa bilməyəcəksiniz.
Lakin düşən trafik trendinə sahib saytlar, gözləyərək düzəlmir. Əksinə, daha da düşməyə davam edir. Eyni zamanda onu da deyim ki, bu tipli trafik itkilərində siz saytda çox böyük həcmli düzəlişlər etsəniz belə, trafikin yüksəlməyə başladığını görmək üçün 1 ay, 6 ay və hətta bəzən 1 il belə gözləməli ola bilərsiniz.
Bəli, düz oxudunuz. Düşən trafik trendinə sahib saytlarda problem budur, problem odur, problemi tapdım kimi ifadələr işlətmək mümkün olmadığı kimi, problem olduğuna inandığınız faktorları düzəltdiyiniz zaman trafikin yüksəlmədiyini də görəcəksiniz.
Bəs bunun səbəbi nədir?
Əslində səbəb çox bəsittir.
Qrafikə bir daha baxsanız, trafikdəki itkinin trend olduğunu, yəni, müəyyən bir qayda ilə trafikin düşdüyünü görəcəksiniz. Trafik müəyyən günlərdə artır, müəyyən günlərdə azalır, lakin hər zaman düşməyə davam edir.
Bu trendi qırmaq isə heç asan deyil. Bunun üçün siz saytın demək olar ki, bütün səhifələrini analiz etməli, problemləri və ya əskiklikləri tapmalı, onları düzəltməli və bir sonraki Google Core Update vaxtını gözləməlisiniz.
Google alqoritm yeniləmələri zamanı Google axtarış botları bütün saytları ən başdan, 0-dan yenidən crawl edir və dəyərləndirir. Bu zaman axtarış nəticələrindəki sıralamalarda ciddi oynamalar olur çünkü saytlar dəyərləndirmə mərhələsində olur. Əgər siz alqoritm yeniləməsinə qədər olan vaxtı saytınızdakı trafik itkisinin səbəblərini tapmaq və bu səbəbləri aradan qaldırmaq üçün xərcləmisinizsə, o zaman bu düşən trafik trendinin qırılması mümkün olacaq. Təbii ki burada sizin problem dediyiniz faktorların subyektiv fikirdən ötə həqiqətən də problem olması böyük rol oynayır. Əgər siz problemləri düzgün müəyyən etməmisinizsə, və ya sizin problem deyə gördükləriniz problem deyilsə və ya Google bu problemləri düzgün formada aradan qaldırdığınızı düşünmürsə, o zaman trafik düşməyə davam edəcək.
Bütün bu fikirlər sizə qarışıq gələ bilər. Həqiqətən də qarışıqdır. Bu səbəbdən bu kimi hallarda SEO mütəxəssisindən yardım almaq prosesin daha düzgün aparılması və əlavə vaxt itkisinin qarşısına keçmək üçün vacibdir.
Trafik itkisi zamanı nə edim?
Trafik itkisi zamanı nə etməli olduğunuzu bilmək üçün əvvəlcə trafikin niyə düşdüyünü araşdırmalısınız.
Əgər trafikiniz bir anda kəskin şəkildə düşübsə:
- Saytınızdakı bütün səhifələri nəzərdən keçirin. Səhifələrin doğru qaydada açıldığından əmin olun.
- Google Search Console vasitəsilə bütün səhifələrinizin canlı analizini edin. Səhifələrin indeksdən çıxmadığından əmin olun.
- Google Search Console və Google Analytics alətlərinin inteqrasiyası ilə bağlı heç bir problemin olmadığını təsdiqləyin. İnteqrasiya üçün lazım olan kodların saytdan silinmədiyindən əmin olun.
- Yaxın zamanda saytınızda hər hansı bir texniki dəyişiklik edib etmədiyinizi düşünün. Bu dəyişikliklərin səhifələrinizə ziyan vurub vurmadığını araşdırın.
- URL strukturunuzun dəyişmədiyindən əmin olun. Yadınızda saxlayın ki, əgər peşəkar bir SEO mütəxəssisi ilə əməkdaşlıq etmirsinizsə, öz başına saytdakı URL strukturunu dəyişmək 100% trafik itkisinə səbəb olacaq. Saytınızdakı linklərin əvvəlki qaydada olduğunu dəqiqləşdirin.
- Saytınıza hər hansı bir neqaytiv SEO atakı olub olmadığını dəqiqləşdirin. Google Analytics-dən istifadə edərək anormal trafik artımlarının olub olmadığını analiz edin. Əlavə olaraq Semrush SEO aləti ilə saytınıza qısa müddətdə kütləvi şəkildə backlink göndərilib göndərilmədiyini dəqiqləşdirin.
- Saytınızın Robots.txt faylında hər hansı bir dəyişiklik edilib edilmədiyini öyrənin. Əgər Robots.txt faylı vasitəsilə saytınız Google botlarına qarşı bloklanıbsa, bu trafik itkisinə səbəb olacaq.
- Google axtarışına site:saytinizinadi yazaraq bütün səhifələrinizin Google nəticələrində görünüb görünmədiyindən əmin olun.
- Saytınızdakı kanonikal linklərdə hər hansı bir dəyişiklik olub olmadığından əmin olun.
Saydığım bir çox nüans, ani və kəskin trafik düşüşlərinin ən əsas səbəbləri arasındadır. Əgər heç bir SEO məlumatınız yoxdursa yuxarıdakı maddələri yoxlamaq sizin üçün çətin ola bilər. Bunun üçün peşəkar bir SEO mütəxəssisi ilə konsultasiya etməyinizi tövsiyyə edirəm.
Sayt trafikiniz uzun müddətdir ki düşürsə və heç bir halda yüksəlişə keçmirsə:
- Trafikin ilk dəfə nə zaman düşüşə keçdiyini müəyyən edin. Bunun üçün Google Search Console alətindən istifadə edə bilərsiniz. Əgər həmin dövrdə Google Core Update olubsa, saytınızın trafik itkisini başladan əsas səbəb, elə bu alqoritm yeniləməsidir. Google alqoritm yeniləmələrinin tarixlərinə Google-nin öz səhifəsindən baxa bilərsiniz.
- Google Search Console vasitəsilə saytınızda ən çox trafik itirən səhifələri müəyyən edin. Əgər bütün səhifələr trafik itiribsə, bu saytda ümumi bir keyfiyyət problemi olmasının göstərgəsidir. Əgər trafik itkisinin böyük bir hissəsi sadəcə 2-3 səhifədən qaynaqlanırsa, bu məhz həmin səhifələrlə bağlı bir problemin (sıralama alan açar sözlərdə sıralama itkisi, rəqiblərin sizin saytı keçməsi, məzmunun dəyişdirilməsi və s.) göstəricisi ola bilər.
- Əgər saytınızdakı bütün səhifələr uzun müddətdir ki trafik itirirsə, həmin səhifələri bir cədvəldə toplayın. Ən başdan bütün məzmunları analiz edin. Analiz zamanı məzmunlarınızı rəqiblərin məzmunları ilə müqayisə edin.
- Məzmun analizi zamanı səhifələrinizdə hədəflədiyiniz açar sözlərlə yanaşı köməkçi və əlaqəli açar sözlərin istifadə edilib edilmədiyinə baxın.
- Məzmun analizi sonrasında müəyyən etdiyiniz əskiklikləri aradan qaldırmaq üçün bütün məzmunlarınızı ən başdan redaktə edin. Məzmunu 0-dan yenidən yazmağınızı tövsiyyə etmirəm lakin mövcud məzmundakı səhv hissələri düzəltmək, səhifəyə yeni məlumatlar daxil etmək, hədəflənən açar sözlə yanaşı əlaqəli açar sözləri də məzmuna daxil etmək faydalı strategiyalardır. Unutmayın, rəqiblərinizdən daha keyfiyyətli məzmununuz yoxdursa, SEO-da şansınız az olacaq. Onu da unutmayın ki, siz məzmununuzun yaxşı olduğunu düşünə bilərsiniz, bu subyektiv bir fikirdir. Siz məzmununuzun Google üçün yaxşı olması üçün çalışmalısınız, özünüz üçün yox.
- Saytdakı bütün texniki problemləri aradan qaldırın.
- Sayta yeni və keyfiyyətli backlinklər alın. Saytı nə qədər backlink ilə bəsləsəniz, bu sizin xeyrinizə olacaq.
- Semrush SEO aləti vasitəsilə sayta gələn toxic backlinkləri təmizləyin.
- Sayt sürətiniz çox zəifdirsə (istifadəçilər tərəfindən bu zəiflik müşahidə olunursa) sayt sürətini artırın.
- Saytda əsla kütləvi şəkildə dəyişiklik etməyin. Bunun yerinə sistemli formada dəyişikliklər icra edin.
- Eyni açar sözü hədəfləyən birdən çox səhifəniz varsa, bu səhifələrdən ən keyfiyyətlisini (ən çox trafik alanı) saxlayıb geri qalanını silin və 301 yönləndirmə edin.
Bütün bu dəyişiklikləri etdikdən sonra trafikiniz bir anda yüksəlməyəcək. Lakin sonraki Google alqoritm yeniləməsində saytınızın keyfiyyətinin artdığı Google tərəfindən görüləcək və əgər şanslısınızsa, saytınızın trafiki yenidən yüksəlişə keçəcək. Unutmayın ki, bəzi hallarda düşən trafik trendlərinin qırılması üçün 1 yox, 2-3 Google Core Update lazım olur.
Sayt trafikim geri qayıdacaq?
Əgər sayt trafikinizdə meydana gələn itkinin səbəblərini düzgün müəyyən etmisinizsə və bu səbəbləri aradan qaldırmaq üçün lazım olan tədbirləri görmüsünüzsə bəli, trafik itkisi geri qayıdacaq.
Əgər trafik itkisinin səbəbləri texniki problemlərdirsə, trafikin geri qayıtma ehtimalı daha çoxdur. Bu kimi hallarda trafikin qayıtması üçün uzun müddət gözləməyə ehtiyac yoxdur.
Əgər trafik itkisinin səbəbi Google yeniləmələri, saytın ümumi vəziyyətinin yaxşı olmaması və ya saytın SEO vəziyyətinin yaxşı olmamasıdırsa, o zaman siz saytda detallı işlər görməlisiniz. Əgər bütün işləri görmüsünüzsə, o zaman Google alqoritm yeniləmələrini gözləməlisiniz. Unutmayın ki, əsas sizin nə iş gördüyünüz deyil, əsas Google alqoritminin bütün bu dəyişiklikləri, saytınızın hədəfini və vəziyyətini dərk etməsidir.