SEO ilə bağlı danışmazdan əvvəl, “SEO nədir?” sualını cavablamaq vacibdir. Çünkü SEO, təbiəti etibarilə anlaşılması biraz çətin bir sahəyə dönüşə bilir. Lakin “SEO nədir?” sualının asan, başa düşülən və kifayət qədər əhatəli cavabları mövcuddur. Eyni zamanda SEO öyrənmək istəyən insanlar SEO haqqında verilən təriflərə baxıb SEO-nun kompleks ola biləcəyinə inanıb narahat ola bilirlər. Bu səbəbdən bu bloqda SEO nədir sualını hamının başa düşə biləcəyi formada cavablandırmaq istəyirəm.
SEO nədir?
Axtarış motoru optimallaşdırması (SEO) sayta Google, Yandex, Bing kimi axtarış motorlarından daha çox istifadəçi cəlb etmək və saytı axtarış nəticələrində ilk sıralara gətirə bilmək üçün veb saytı məhz bu axtarış motorları üçün optimallaşdırmaq strategiyasıdır.
PPC (ödənişli reklamlar) və digər rəqəmsal marketinq fəaliyyətlərindən fərqli olaraq SEO-nun məqsədi sayta orqanik trafik (ödənişsiz trafik) cəlb etməkdir. Bunun üçün saytı Google axtarış nəticələrində ilk sıralara gətirmək vacibdir. SEO-da görülən bütün işlər, saytı hədəf açar sözlər üçün axtarışda irəlilətməkdir. Bir veb sayt Google axtarışlarında nə qədər öndə çıxırsa, o qədər daha çox trafik əldə edir. Axtarışda 1. Sırada olan veb sayt isə, ümumi trafik həcminin 80%-dən çoxunu qazanır. Bu səbəbdən axtarışda ilk sıralarda çıxmaq, sayta ən çox ziyarətçini cəlb etmək üçün vacibdir.
Bugün Google axtarışlarında “macbook pro qiymətləri” deyə axtarış edən bir istifadəçinin qarşısına ödənişli reklamlar və təbii nəticələr gəlir. Əgər istifadəçi ödənişli reklamlara keçid etmək istəməsə, ödənişsiz olaraq axtarış nəticələrinin üst sıralarında duran veb saytlara keçid etmək istəyəcək. Bu vəziyyətdə axtarışda ən yuxarıda olan sayt, ziyarətçilərin böyük bir qismini sayta cəlb etmiş olacaq. Bu isə həmin saytın trafikini və satışlarını artıracaq.
SEO niyə vacibdir?
Bir çox biznes sahibi “saytımı onsuz da yaratmışam, niyə əlavə olaraq SEO-ya vaxt və büdcə ayırmalıyam?” deyə düşünə bilər. Lakin reallıq tamam fərqlidir. Şirkətin bir veb saytı olması, o saytın sektor üçün vacib açar sözlərdə ilk sıralarda görünməsinə zəmanət qazandırmır. Əgər saytda heç bir SEO işi görülməyibsə, çox güman həmin veb sayt axtarışda ya heç görünməyəcək, ya da çox aşağı pillələrdə görünəcək. Bu səbəbdən əgər bir veb sayt varsa və o saytdan gəlir əldə etmək hədəflənirsə, SEO mütləq ki, edilməlidir.
SEO niyə vacibdir?
- Axtarış nəticələrində rəqiblərdən öndə görünmək üçün: SEO lazımdır
- Sayta daha çox istifadəçi cəlb etmək üçün: SEO lazımdır
- Satışları və dönüşümləri artırmaq üçün: SEO lazımdır
- Brendinqi gücləndirmək üçün: SEO vacibdir
- Əlçatanlıq üçün: Saytda paylaşdığınız hər şeyin axtarış motorlarında görünməsi və istifadəçilər tərəfindən əlçatan olması üçün SEO lazımdır
- Rəqabət üstünlüyü əldə edə bilmək üçün: SEO vacibdir
Axtarış motorları necə işləyir?
Axtarış motorları “axtarış alqoritmi” adı verilən, mürəkkəb riyazi alqoritmlərdən istifadə edərək axtarış edən istifadəçilərə əlaqəli, faydalı və ən güclü resursları göstərir. Hər bir axtarış motorunun axtarış alqoritmi, davamlı olaraq yenilənir və istifadəçilərə ən faydalı cavabları göstərmək üçün təkmilləşdirilir. Axtarış motorlarının funksiyasında 3 əsas proses var ki, bu proseslər SEO cəhətdən bizim üçün olduqca önəmli proseslərdir. Bunlar tarama (crawling), indeksləmə (indexing) və sıralama (ranking) prosesləridir. SEO işlərinin demək olar ki, hamısı, bütün bu proseslər üçün veb saytı hazır hala gətirməyi məqsədləyir.
Tarama
Tarama prosesi axtarış motoru botlarının (məsələn, Googlebot) internetdə yeni və ya yenilənmiş məzmunu tapmaq üçün veb səhifələri gəzməsidir. Botlar bir səhifəyə daxil olur və ordakı keçidləri (linkləri) izləyərək digər səhifələrə keçirlər. Buna görə də daxili keçidlər və düzgün sayt arxitekturası olduqca vacibdir. Əgər botlar saytınızı tara bilmirsə, sizin mövcudluğunuzdan xəbərdar ola bilməzlər.
İndeksləmə (Indexing)
Botlar tərəfindən taranan səhifələrin yaddaşa, yəni nəhəng məlumat bazasına yazılması prosesinə indeksləmə deyilir. Səhifənizdəki mətnlər, şəkillər, videolar və digər fayllar analiz edilir, axtarış sisteminin verilənlər bazasına əlavə olunur. Bir səhifə indekslənməyibsə, istifadəçilər onu axtarış nəticələrində heç bir halda görə bilməzlər.
Sıralama
İstifadəçi hər hansı bir axtarış etdikdə axtarış sistemi öz indeksinə (verilənlər bazasına) müraciət edir və saniyənin mində biri kimi qısa bir vaxtda ən uyğun səhifələri sıralayır. Bu proses yüzlərlə mürəkkəb alqoritm tərəfindən idarə olunur. Saytınız tarandı və indeksləndi, lakin hələ bitməyib; siz ən üst sıralarda çıxmaq üçün alqoritmin istədiyi “optimizasiya” tələblərini qarşılamalısınız. Bu tələbləri qarşıladığınız zaman “ranking” yəni sıralama mərhələsində daha çox şansa sahib ola bilərsiniz.
Google alqoritmi
Google alqoritmi, milyonlarla veb səhifəsi arasından hansının ilk sırada, hansının yüzüncü sırada olacağını müəyyən edən riyazi və texniki qərarlar toplusudur. Uzun illər əvvəl alqoritm daha bəsit idi və sadəcə eyni açar sözü çoxlu təkrar etməklə üst sıralara çıxmaq olurdu (Keyword stuffing). Lakin indiki gündə Google Panda, Penguin, Hummingbird, RankBrain, BERT və MUM kimi süni intellekt əsaslı alqoritmlər məzmunun semantik mənası, istifadəçi məmnuniyyəti və konteksti üzərində fokuslanır. Bunun yanı sıra saytın domen gücü, hədəflənən açar söz üzərindəki mövzu gücü (topical authority) və daha bir çox kiçik lakin SEO üçün əhəmiyyətli fərq yaradan nüans var ki, SEO-da nəticə almaq üçün bunların hamısı üzərində işləmək lazımdır.
Sıralama faktorları
Sıralama faktorları, axtarış sistemlərinin veb saytları qiymətləndirərkən nəzərə aldığı meyarlardır. Google rəsmi olaraq 200-dən çox sıralama faktoru olduğunu bildirsə də, bəzi amillər digərlərindən daha böyük çəkiyə malikdir. Əsas sıralama faktorlarına backlinklər, məzmun keyfiyyəti, açar sözlərin düzgün istifadəsi, mobil uyğunluq, saytın yüklənmə sürəti, təhlükəsizlik (HTTPS), istifadəçi təcrübəsi (UX) və texniki SEO daxildir. SEO strategiyanız bu faktorların hər birini optimallaşdırmağa hesablanmalıdır.
Səhifə daxili SEO nədir?
Səhifə daxili SEO, saytın axtarış motorları üçün optimallaşdırılması prosesi zamanı veb saytın daxilində görülən işlərin toplusudur.
Axtarış motorları üçün optimallaşdırma prosesi səhifə daxili SEO, səhifə xarici SEO və texniki SEO olaraq üç hissəyə ayrılır. Səhifə daxili SEO bu prosesin ən uzun, ən əhəmiyyətli və ən maraqlı hissələrindən biridir.
Səhifə daxili SEO zamanı saytda görülən işlərin bir qismi:
- Başlıqlar (title): Doğru uzunluğa və açar sözə sahib başlıqların müəyyən edilməsi,
- Meta açıqlamalar (meta description): Açar sözün işlədildiyi, maksimum 160 simvoldan ibarət olacaq meta açıqlamaların müəyyən edilməsi,
- URL strukturu: Əsas açar sözün yer aldığı və doğru uzunluğa sahib URL strukturunun yaradılması,
- Məzmun optimallaşdırılması: Hədəf açar sözün və dəstəkləyici açar sözlərin olduğu, orfoqrafiya (imla) qaydalarına uyğun, məlumat baxımından istifadəçiləri qane edəcək səviyyədə semantik və SEO yönümlü məzmunların yaradılması,
- Vizualların optimallaşdırılması: Şəkillərin (vizualların) optimallaşdırılmasının aparılması,
- Sayt sürəti: Saytın sürətinə təsir edən faktorların nəzərdən keçirilib təkmilləşdirilərək sayt sürətinin artırılması,
- Daxili və xarici keçidlər: Uyğun daxili və xarici linkləmə (keçid) apararaq link şəbəkəsinin yaradılması,
- Mobil uyğunluq və dizayn: Saytın mobil cihazlara uyğun və vizual olaraq gözoxşayan dizaynının yaradılması,
Texniki SEO nədir?
Texniki SEO, veb saytın axtarış motorları tərəfindən asanlıqla taranması, indekslənməsi və ümumi arxitekturasının təkmilləşdirilməsi məqsədilə arxa planda aparılan optimallaşdırma işləridir. Bu proses saytın birbaşa məzmunundan daha çox, onun infrastrukturuna və axtarış motoru botları ilə necə kommunikasiya qurduğuna diqqət yetirir.
Texniki SEO zamanı saytda görülən işlərin bir qismi:
- Sayt xəritəsi və robots.txt: Axtarış motoru botlarının saytı asanlıqla gəzə bilməsi üçün XML sayt xəritələrinin (sitemap) və robots.txt faylının düzgün konfiqurasiya edilməsi.
- Strukturlaşdırılmış məlumatlar: Axtarış motorlarına səhifədəki məlumatları daha yaxşı anlamağa kömək edən Strukturlaşdırılmış məlumatların (Schema Markup) tətbiqi.
- Sayt arxitekturası: Sayt arxitekturasının və URL strukturunun istifadəçi və botlar üçün məntiqi, iyerarxik şəkildə qurulması.
- Kanonik etiketlər: Kanonik (Canonical) etiketlərin düzgün istifadəsi ilə təkrarlanan (duplicate) məzmun problemlərinin qarşısının alınması.
- Server xətaları və yönləndirmələr: Server xətalarının (4xx, 5xx) və qırıq linklərin müəyyən edilərək aradan qaldırılması və zəruri hallarda doğru 301 yönləndirmələrinin (redirect) tətbiq edilməsi.
- SSL sertifikatı: Saytın təhlükəsizliyini və istifadəçi məlumatlarının qorunmasını təmin etmək üçün SSL sertifikatının (HTTPS) qurulması.
- Core Web Vitals: Sayt sürətinin (Core Web Vitals göstəricilərinin) server səviyyəsində optimallaşdırılması, o cümlədən JavaScript və CSS fayllarının kiçildilməsi.
Səhifə xarici SEO nədir?
Səhifə xarici SEO (Off-page SEO), veb saytın axtarış motorlarındakı mövqeyini yaxşılaşdırmaq üçün saytın özündən kənarda həyata keçirilən strategiya və fəaliyyətlərin toplusudur. Bu proses əsasən saytın domen gücünü, populyarlığını, etibarlılığını və rəqəmsal ekosistemdəki reputasiyasını artırmağa xidmət edir.
Səhifə xarici SEO zamanı görülən işlərin bir qismi:
- Backlinklərin əldə edilməsi: Yüksək domen gücünə sahib, etibarlı və saytın mövzusuna (nişinə) uyğun digər veb saytlardan keyfiyyətli geri dönüş bağlantılarının (backlink) əldə edilməsi.
- Spam backlinklərin təmizlənməsi: Saytın domen gücünə zərər verə biləcək keyfiyyətsiz, spam xarakterli backlinklərin mütəmadi analiz edilməsi və Disavow (rədd etmə) faylı vasitəsilə təmizlənməsi.
- Rəqəmsal PR və qonaq yazarlığı: Brendin rəqəmsal dünyada tanınması və təbii linklər qazanması üçün qonaq yazarlığı (guest posting) və rəqəmsal PR işlərinin aparılması.
- Marka istinadları (Brand mentions): Sektorla əlaqəli forumlarda, icmal (review) saytlarında və müvafiq platformalarda aktiv iştirak edərək marka istinadlarının yaradılması.
- Lokal SEO profil idarəetməsi: Yerli axtarışlarda (Local SEO) görünürlüyü artırmaq üçün Google My Business (Google Maps) və digər lokal qeydiyyat profillərinin yaradılması və idarə olunması.
- Sosial siqnallar: Məzmunun sosial şəbəkələrdə geniş kütlələrə çatdırılması vasitəsilə sosial siqnalların və sayta yönələn xarici trafikin artırılması.
SEO-nun üstünlükləri nələrdir?
SEO rəqəmsal marketinq strategiyalarının ən davamlı və ən gəlirli sahələrindən biridir. Düzgün tətbiq edilən SEO strategiyası bizneslərə sadəcə “klik” deyil, həm də uzunmüddətli dəyər qazandırır. Veb saytınızı axtarış motorlarına uyğunlaşdırmağın gətirdiyi əsas üstünlüklər aşağıdakılardır:
- Davamlı və ödənişsiz (orqanik) trafik: Ödənişli reklam kampaniyalarından (məsələn, Google Ads və ya sosial media reklamları) fərqli olaraq, reklam büdcəniz bitdikdə SEO trafiki kəsilmir. Yaxşı optimallaşdırılmış və axtarış nəticələrində üst sıralarda yerləşən bir səhifə aylarla, hətta illərlə saytınıza davamlı olaraq pulsuz ziyarətçi gətirir.
- Yüksək dönüşüm (Conversion) və qazanclı ROI (İnvestisiya gəlirliyi): SEO bir “Gələn marketinq” (Inbound marketing) strategiyasıdır. Yəni siz insanları maraqlanmadıqları bir məhsulun reklamı ilə narahat etmirsiniz; istifadəçi öz ehtiyacını axtararkən sizi tapır. Sırf məhsulu və ya xidməti axtararaq saytınıza daxil olan istifadəçilərin müştəriyə çevrilmə ehtimalı olduqca yüksəkdir.
- Brend etibarlılığının və gücünün artması: İnsanlar təbii olaraq Google-un alqoritmlərinə və onun təklif etdiyi nəticələrə güvənirlər. Axtarış nəticələrinin ilk səhifəsində, xüsusən də ən üst sıralarda görünmək, istifadəçilərin şüurunda şüuraltı olaraq “bu sektorun ən etibarlı və ən yaxşı markası budur” rəyini formalaşdırır.
- Rəqabət üstünlüyü: Eyni xidməti və ya məhsulu təklif etdiyiniz rəqibləriniz SEO-ya sərmayə qoyduğu halda siz kənarda qalsanız, potensial bazar payınızı onlara təslim etmiş olursunuz. Uğurlu SEO strategiyası bazardakı rəqiblərinizi geridə qoymaq və potensial müştəriləri öz saytınıza çəkmək üçün ən güclü alətdir.
- Daha yaxşı istifadəçi təcrübəsi (UX): SEO sadəcə axtarış botlarını məmnun etmək məqsədi daşımır. Müasir SEO tələblərinə (sürətli açılan səhifələr, mobil cihazlara tam uyğunluq, asan naviqasiya və keyfiyyətli məzmun) cavab verən veb sayt avtomatik olaraq istifadəçilərə də möhtəşəm bir təcrübə bəxş edir.
- Lokal (Yerli) bazarda böyümə imkanı: İnternetdə “yaxınlığımdakı” axtarışlarının kəskin artması ilə Lokal SEO xüsusilə fiziki bizneslər (restoranlar, klinikalar, mağazalar) üçün əvəzolunmaz hala gəlib. Yerli SEO sayəsində birbaşa yaxınlığınızdakı və real xidmət axtaran “isti” müştəriləri hədəfləyə bilərsiniz.
SEO-da istifadə olunan SEO alətləri hansılardır?
SEO proseslərini yalnız təxminlər və ya intuisiyalar əsasında idarə etmək qeyri-mümkündür. Rəqibləri analiz etmək, ən uyğun açar sözləri tapmaq, saytın texniki vəziyyətini yoxlamaq və strategiyanın nəticələrini ölçmək üçün rəqəmsal marketinq və SEO mütəxəssisləri müxtəlif peşəkar vasitələrdən istifadə edirlər. Həm ödənişli, həm də ödənişsiz versiyaları olan bu alətlər uğurlu SEO strategiyasının ayrılmaz bir hissəsidir.
Ən çox istifadə olunan və qlobal standart olaraq qəbul edilən əsas SEO alətləri aşağıdakılardır:
- Google Search Console (GSC): Hər bir veb sayt sahibinin mütləq istifadə etməli olduğu, Google tərəfindən təqdim edilən pulsuz və ən rəsmi alətdir. Saytınızın Google axtarışlarındakı performansını, tarama və indeksləmə xətalarını, hansı açar sözlərdə neçə klik aldığını və mobil uyğunluq problemlərini birbaşa Google-un gözündən görməyinizi təmin edir.
- Google Analytics (GA4): Veb saytınıza gələn ziyarətçilərin daxili davranışlarını analiz etmək üçün ən güclü pulsuz vasitədir. Orqanik trafikdən gələn istifadəçilərin hansı səhifələrdə daha çox vaxt keçirdiyini, demoqrafik göstəricilərini və satınalma (və ya form doldurma) kimi dönüşüm (conversion) nisbətlərini dəqiqliklə ölçür.
- Ahrefs və Semrush: Sektorun ən populyar, əhatəli (All-in-one) və güclü ödənişli SEO alətləridir. Xüsusilə dərin rəqib analizi, genişmiqyaslı açar söz araşdırması, backlink profilinin incələnməsi (kimlərin sizə və ya rəqibinizə link verdiyini tapmaq) və saytın ümumi SEO auditini aparmaq üçün əvəzolunmaz mənbələrdir.
- Screaming Frog SEO Spider: Texniki SEO işlərinin ən vacib alətlərindən biri hesab edilən bu proqram veb saytı bir axtarış botu kimi simulyasiya edərək tarayır. Saytdakı qırıq linkləri (404 xətaları), yönləndirmə zəncirlərini, çatışmayan meta etiketlərini, böyük həcmli şəkilləri və sayt arxitekturasındakı digər texniki problemləri sürətlə aşkarlayır.
- Google Keyword Planner və Google Trends: Açar söz araşdırması üçün Google-un baza vasitələridir. “Keyword Planner” vasitəsilə sözlərin aylıq axtarış həcmini və rəqabət dərəcəsini görə bilər, “Google Trends” ilə isə müəyyən axtarış terminlərinin mövsümi trendlərini, zamanla necə populyarlıq qazandığını və ya azaldığını qrafiklərlə izləyə bilərsiniz.
- Google PageSpeed Insights və GTmetrix: Veb saytın yüklənmə sürətini və Core Web Vitals göstəricilərini (LCP, FID, CLS və s.) həm mobil, həm də masaüstü cihazlar üçün test edən sistemlərdir. Səhifənin sürətini zəiflədən faktorları (məsələn, böyük JS/CSS faylları və ya optimallaşdırılmamış şəkillər) tapıb onların necə həll ediləcəyinə dair texniki hesabatlar təqdim edirlər.
- Yoast SEO və Rank Math: WordPress platformasında çalışan veb saytlar üçün səhifə daxili (On-page) SEO optimallaşdırmasını asanlaşdıran əsas plaginlərdir. Məzmunun oxunaqlılığı, meta başlığın və açıqlamanın düzgün uzunluqda yazılması, kanonik etiketlərin əlavə edilməsi və avtomatik XML sayt xəritələrinin yaradılması proseslərini idarə edirlər.
- Moz Pro: Domen gücü (Domain Authority – DA) və Səhifə gücü (Page Authority – PA) anlayışlarını SEO dünyasına qazandıran Moz şirkətinin hərtərəfli analitik alətidir. Xüsusilə açar söz çətinliyini ölçmək və səhifə xarici (Off-page) SEO strategiyalarını, link quruculuğunu formalaşdırmaq üçün geniş istifadə olunur.
Bu alətlər məlumatları toplayıb analiz etməklə qərarlarınızı asanlaşdırır. Lakin hər bir SEO bələdçisində vurğulanmalı olan ən önəmli məqam budur: Alətlər yalnız vasitədir, ən güclü SEO aləti toplanmış bu məlumatları düzgün şərh edib tətbiq edən mütəxəssisin strategiyasıdır.